Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 27 noyabrda RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair mətbuat konfransı keçirilib. Konfransda Komitənin rəsmiləri, sərginin təşkilatçıları, bir sıra tikinti şirkətləri, aparıcı media və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov baş tutacaq sərgi barədə məlumat verib, onun əhəmiyyətindən danışıb. Bildirib ki, sərgi 28-30 noyabr 2017-ci il tarixlərində Baku Expo Mərkəzində keçiriləcək. Qeyd edib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.
Ötən ildən fərqli olaraq sərgidə daha çox investor, əmlak şirkətləri qatılacaq, eyni zamanda onların tikinti və infrastruktur layihələri nümayiş etdiriləcək. Sərgidə 14 ölkədən – Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra, Gürcüstan – 70-ə yaxın şirkət iştirak edəcəkdir. Sərgi iştirakçıları tərəfindən 150-dan çox layihə nümayiş olunacaqdır.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinov bildirib ki, Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin sahəsi 6 min 500 kv.m təşkil edir. Sərgidə Komitənin fəaliyyətini əks etdirən pavilyon yaradılacaq. Qeyd edib ki, pavilyon 90 kv.m-lik ərazini əhatə edir. Burada Komitənin fəaliyyət istiqamətləri üzrə o cümlədən, daşınmaz əmlak və torpaq idarəçiliyində tətbiq edilən innovativ layihələr, elektron və onlayn xidmətlər, modern idarəetmə mexanizmləri barədə məlumatlar nümayiş olunacaq. Pavilyonda Komitənin tətbiq etdiyi elektron xidmətlərə, daşınmaz əmlakın qeydiyyatına, özəlləşdirmə prosesinə və torpaqların elektron kadastr uçotu işlərinə dair bölmələr yer alacaq. Həmçinin burada torpaqların elektron kadastr uçotu informasiya sistemin məlumatları əsasında hazırlanmış ölkənin 3D formatlı relyef xəritəsinin maketi quraşdırılacaq. Diqqətə çatdırılıb ki, Azərbaycan dünyada bu ölçüdə maket xəritəsi olan yeganə ölkədir.
Sərgidə quraşdırılmış elektron monitorlar vasitəsilə Komitənin 36 elektron xidmətin nümayişi ediləcəkdir. Belə monitorlarda elektron xidmətlərdən istifadə etməklə bağlı prosedurlar əksini tapacaq. Eyni zamanda monitorda innovativ yenilik olan Elektron hərrac, onun istifadə qaydaları əks olunacaq.
Builki sərgidə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı guşə də yaradılacaq. Guşədə həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək.
Pavilyonda Azərbaycan Respublikasının maket relyef xəritəsi də nümayiş ediləcək. Maket xəritə üfüqi olaraq 1:100 000, şaquli olaraq isə 1:33 000 miqyasındadır. Xəritənin uzunluğu 6 metr, eni isə 4,5 metrdir. Sözügedən xəritə torpaqların elektron uçotu sisteminin məlumatları əsasında dəqiq koordinatlara istinad edilməklə hazırlanmışdır.
Konfransın digər təşkilatçıları olan “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin nümayəndələri Salim Şahin, İlkin Abdiyev bildiriblər ki, sərginin daşınmaz əmlak bazarına yatırılan investisiyanın artırılması baxımından xüsusi əhəmiyyəti vardır. Bura həm şirkətlər həm də alıcılar üçün əlverişli platformadır. Sərginin ən cəlb edici cəhətlərindən biri də burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarının olmasıdır.
Sərgi çərçivəsində müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən endirim kampaniyaları nəzərdə tutulub. Eyni zamanda ziyarətçilər Bakı şəhərində, o cümlədən Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələrindən əlverişli qiymətlərlə mənzil, ev və digər daşınmaz əmlak obyektlərini əldə etmək imkanlarından yararlana bilərlər.
Qeyd edilib sərgidə “DREAMLAND” şirkəti nəğd ödənişlərdə 25% endirimlə, “EMS”- 20% endirim və 55 min ABŞ dollarından başlayan qiymətlərlə, “TEYMUROGLU” yeni ilə qədər 20% endirim və bütün mənzil alanlara ilk ödəmədən sonra faizsiz 36 ay kreditlə mənzil təklif edir. Bundan başqa Həmçinin “WORD ERSAN GAYRIMENKU” tərəfindən bütün layihələrə 5% endirim, “ALANYA PROPERTIES” şirkəti tərəfindən 3% endirim, “Cahan inşaat” şirkəti tərəfindən isə1 illik kredit yolu ilə ev alanlara, sərgiyə özəl olaraq 15% endirim təklif olunur. Endirimlər bununla bitmir. AS Grup-RENESSANS PLACE-dan Sərgi dövründə 4 otaqlı mənzil alana qaraj hədiyyə olunacaq. “BEST CONSTRUCTION-Boulvard Residence” 24 ay faizsiz kredit və 25 il 8%-li ipoteka ilə, “ERBATU” şirkəti isə – Şimali Kiprdə Erbatu-dan bütün layihələrə 10% endirimlə mənzil satışa çıxarır. Vurğulanıb ki, yerli şirkətin Bakıda inşa etdiyi binalarda da bir mənzil 20% endirimlə ziyarətçilər arasında keçiriləcək uduşlu lotereyaya təqdim ediləcək.
Qeyd edilməlidir ki, Sərgiyə ziyarətçilərin daşınması üçün xüsusi avtobuslar ayrılmışdır. Avtobuslar sərgi keçirilən müddətdə səhər saat 10-dan etibarən hər saatdan bir Nərimanov Metro stansiyasının yaxınlığından (Mcdonalds-la üzbəüz) Baku Expo Mərkəzinə və əks istiqamətdə sərnişinlərin pulsuz daşınmasını həyata keçirəcəklər.
Bununla yanaşı sərginin 2-ci günü, 29 noyabr 2017-ci il tarixində Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans da təşkil ediləcəkdir.
0 Comment on this Article
Comment closed!